Romadakı Milli Qrafika İnstitutunda Azərbaycan muğam ustalarının konserti olmuş, gənc rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi açılmışdır

 

Romada Azərbaycan Muğam ustalarının konserti keçirilmiş, həmçinin Azərbaycanın gənc rəssamı Məryəm Ələkbərlinin fərdi sərgisi açılmışdır.

Romanın simvollarından sayılan, məşhur "Fontana di Trevi" fəvvarəsi ilə eyni kompleksdə yerləşən Milli Qrafika İnstitutunda keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Milli Məclisin deputatları, İtaliya ictimaiyyətinin nümayəndələri, musiqişünaslar, diplomatlar iştirak etmişlər.

Yüksək səviyyədə təşkil olunmuş tədbirdə institutun direktoru Antonella Fusko çıxış edərək bu mədəniyyət mərkəzində keçirilən və Azərbaycan incəsənətinə həsr olunmuş mərasimi yüksək qiymətləndirmiş, belə tədbirlərin iki ölkə arasında  əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini vurğulamışdır.

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın, o cümlədən mədəni əlaqələrin yüksək səviyyədə olduğunu və bundan hər iki xalqın fəxr etdiyini bildirmişdir. Səfir istər muğam konsertinin, istərsə də gənc rəssam Məryəm Ələkbərlinin fərdi sərgisinin uğurla keçiriləcəyinə əminliyini ifadə etmişdir.

Sonra etnomusiqişünas Paolo Skarnekiya çıxış edərək muğam janrının özəlliklərindən və dünya musiqisindəki əvəzsiz yerindən danışmışdır. O, muğamın UNESCO tərəfindən dünyanın qeyri-maddi irsi kimi qorunduğunu söyləmişdir.

Azərbaycanın gənc muğam ustaları Vəfa Vəzirova və Babək Niftəliyev tarda Şəhriyar İmanov və kamançada Elvin Novruzovun müşayiəti ilə Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından "Şəbi-hicran" üverturasını, "Simayi-şəms" ritmik və segah muğamlarını, "Küçələrə su səpmişəm", "İrəvanda xal qalmadı" xalq mahnılarını və "Qarabağ şikəstəsi"ni oxumuşlar.

Onların hər çıxışı italyan tamaşaçıları tərəfindən alqışlarla qarşılanmış və dinləyicilərin təkidi ilə musiqiçilər əlavə bir neçə musiqi parçası da ifa etmişlər.

İncəsənət üzrə tarixçi və tənqidçi, Roma İncəsənət Universitetinin müasir incəsənət bölməsinin rəhbəri, professor Cenni Dibert gənc Azərbaycan rəssamı Məryəm Ələkbərlinin Romadakı Milli Qrafika İnstitutunda fərdi sərgisinin açılışındakı  çıxışında bildirmişdir ki, onun işlərində əsl incəsənət nümunələri öz əksini tapmışdır. O demişdir: "Rəssamın əsərlərində virtuoz keyfiyyətlərlə yanaşı, peşəkarlıq, eyni zamanda, məhəbbət elementləri də geniş yer almışdır. Burada insan qəlbinin gözəlliklərini görmək də mümkündür. O, daxilən bu sənətə bağlanmış gənc rəssamdır. Məryəm öz əsərlərini istedadı hesabına yaratmış və xüsusilə onlarda dünyaya hisslərini ifadə etmişdir. Onun yaradıcılığında müasir incəsənətin mühüm elementləri də vardır. Əlbəttə ki, bu da fikrimcə, çox əhəmiyyətlidir".

Məryəm Ələkbərlinin fərdi sərgisi italyan sənətsevərlər və ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır. Romalılar sərgi ilə iyunun 30-dək tanış olmaq imkanı qazanacaqlar.

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

 

Vyana

 

Azərbaycan.-2013.- 25 iyun.- S.3.